Bakıda sahibsiz itlərlə bağlı təhlükə

Paytaxtın mərkəzində, xüsusilə də şəhərətrafı qəsəbələrdə sahibsiz itləri görmək adi hala çevrilib. Baş verən xoşagəlməz hadisələrdən məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir.

Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Hüseyn Məmişov küçədə sahibsiz itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb, gözünə xəsarət yetirib. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Uşağa dərhal quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib. Hazırda müalicəsi davam etdirilir.

Bu kimi faktlar günü gündən artmaqdadır. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınır və ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsidir.

Bu il fevral ayının 15-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində, eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır.

Fəaliyyətə başladığı dövrdən "Toplan" Sahibsiz itlərə qayğı mərkəzinə vətəndaşlardan, dövlət və qeyri-dövlət müəssisələrindən 1000-dən artıq zəng və müraciət daxil olmuşdur. Mərkəz öz fəaliyyətini daxil olan müraciətlər, Bakı və şəhər ətrafı ərazilərin monitorinqinin nəticələri əsasında qurur.

Burada sahibsiz  itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəsləri yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub. Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq mərkəzə təhvil verirlər. Burada həmin heyvanlar peyvəndlənərək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılır və hər bir it çiplə təmin olunur. Sahibsiz itlərə qayğı mərkəzində 3 baytar və 4 assistent fəaliyyət göstərir. Hər gün onlar ortalama 35 iti əməliyyat edirlər. Qayğı mərkəzinə müraciətlər üçün 1921 qısa nömrəsi və 5654741 şəhər nömrəsi fəaliyyət göstərir. 

Görülən işlərə baxmayaraq hələ də sahibsiz itlərin yaratdığı təhlükə qalmaqdadır. Müxtəlif mənbələrin məlumatına görə hazırda ölkədə ərazısındə 600 mindən çox sahibsiz it var və onların sayı artmaqdadır.

Paytaxtda sahibsiz heyvanların artması sakinlərimiz, paytaxta gələn çoxsaylı qonaqlar üçün ciddi təhlükə yaradır. Qəsəbələrdə, yol kənarlarında deyil, şəhərin mərkəzində də sürü ilə gəzən itlərə rast gəlinir. Dənizkənarı Milli Parkın ərazisində, Bayıl və Ağ şəhər Bulvarlarında da belə xoşagəlməz mənzərələrə rast gəlirik. Yemək axtaran, ictimai-iaşə obyektlərinin yaxınlığında dolaşan sahibsiz heyvanlar istirahət mərkəzlərində dincələn vətəndaşlar, xüsusən də azyaşlı uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilir. Axşam saatlarında, işıqlandırmanın zəif olduğu məhəllədaxili yollarda sahibsiz itlərin qorxusundan insanlar evdən çıxmağa ehtiyat edirlər. Heç kim sahibsiz itlərin hücumundan sığortalanmayıb və bu insanlarımızın saqlamlığına açıq-aşkar təhlükədir. Məsələ burasındadır ki, özünü heyvanların müdafiəçisi adlandıran bir qrup qadın Ağ şəhər rəsmilərinin xahişilə Bulvara dəvət edilən “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin işinə mane olub.

Amma o qadınlar unudurlar ki, qonşu ölkələr, eləcə də Avropanın heç bir paytaxt şəhərində küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi il bağlı məsələləri operativ şəkildə həll edir. Hətta belə bir hal da mövcuddur ki, bəzi illərdə həddən artıq çoxalmış canavarların öldürülməsi ilə bağlı tədbirlər görülüb. Bəs biz nəyi gözləyirik, gözləyirik ki, Binəqədidəki hadisə başqa yerlərdə də baş versin, uşaqlar, böyüklər ziyan çəksin?!

Şəhərin sahibsiz heyvanlardan təmizlənməsi üçün dövlət qurumları bir sıra tədbirlər görürlər. Bu işlərdə adi vətəndaşlar da onlara kömək göstərməlidirlər. Burada isə əksinə olaraq bəzi vətəndaşlar sahibsiz heyvanları küçələrdən yığan şəxslərə mane olurlar. Onlar başa düşmürlər ki, xəstə, sahibsiz heyvanlar övladlarımız, elə özümüz üçün ciddi təhlükə mənbəyidir.

2019-04-22 / 14:54
Facebook