“ASAN Viza” vasitəsi ilə bir milyonuncu viza verilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 1 000 000-cu “ASAN Viza” sahibi Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qarşılanıb:
“Bu viza Fransa vətəndaşı Louis Henri Samoyaulta verilib. 1 000 000-cu vizanın sahibi kimi Louis Henri Samoyaulta “ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir.
“ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları doqquz dildə fəaliyyət göstərir. Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi iki dəqiqə ərzində təmin edilir.