Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada, “Poklonnaya qora”dakı “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb. Tədbir Moskva Müsəlmanları Dini İdarəsi tərəfindən Rusiya Müsəlmanları Dini İdarəsinin və Moskva hökumətinin dəstəyi ilə təşkil olunub.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Ayan Həsənova AZƏRTAC-a bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Poklonnaya qora”da hər il təşkil edilən “Ramazan çadırı” Rusiya Müftilər Şurasının mühüm layihəsi olub, xalqlar arasında dostluğun möhkəmləndirilməsi, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqları nümayəndələrinin birləşməsi məqsədi ilə həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Leyla Əliyevanın rəhbərliyi ilə hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev “Azərbaycan Günü”nü açıq elan edərək tədbir iştirakçıların səfir Polad Bülbüloğlunun adından salamlayıb. Diplomat “Ramazan çadırı” məkanının təşkil edilməsinə görə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya, Moskva Müsəlmanları Dini İdarəsinə və Moskva hökumətinə təşəkkürünü bildirərək vurğulayıb ki, keçən il Azərbaycanda qeyd edilən “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda və digər şəhərlərdə, o cümlədən Sankt-Peterburqda da konfranslar və görüşlər keçirilib. Bu tədbirlərdə müsəlman ruhanilərlə yanaşı, pravoslav kilsəsinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi Ələkbər Qasımov, “Əhli-beyt” dini təşkilatının sədri Nizami Baloğlanov və başqaları da çıxış ediblər.
İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və iftar duası oxuyub.
Sonra Moskva müsəlmanları iftarlarını açıb, Azərbaycan milli mətbəxinin yeməklərini və şirniyyatını dadıblar.
İftar mərasimində Azərbaycanda multikulturalizm mövzusuna həsr olunmuş “Bir günəş altında” filmi nümayiş etdirilib. “Bakı” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nömrələri səslənib, Azərbaycanı daha yaxşı tanımaq mövzusunda viktorina keçirilib. Gecənin iştirakçıları Azərbaycan tarixinə dair suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.