Əmək cəbhəsinin qadın qəhrəmanı, yaxud “21 qardaşın 1 bacısı”

 

 

Qarabağ torpağı adına şeirlər yazılan, mahnılar bəslənən çox əmək qəhrəmanları yetişdirib. Halal zəhməti, alın təri ilə pambıq tarlalarında, üzüm plantasiyalarında, taxıl zəmilərində ad-san qazanan bu qəhrəman zəhmət adamlarının sıralarında kişilərlə yanaşı Sürəyya Kərimova, Tamaşa Əliyeva, Maral Süleymanova, Tərlan Musayeva, Şamama Həsənova kimi qadınlarımız əmək cəbhələrində hünər göstərərək şan-şöhrət sahibi olub, xalqın sevimlisinə çevriliblər. Belə hünərli qadınlarımızdan biri də gənc yaşlarından kolxozda sürücü-mexanizator işləmiş Bərdə rayonunun Hüseynallar kənd sakini Radə Məmmədovadır.

Radə Məmmədova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində hər kəsə örnək ola biləcək zəhmətlə dolu həyat yolu barədə danışıb: “Sadə kəndli ailəsində anadan olmuşam. Atam sürücü-mexanizator olub. Ailəmiz mənim Azərbaycan dili-ədəbiyyat müəllimi ixtisasına yiyələnməyimi istəyirdi. Lakin qardaşlarım kiçik olduğu üçün atama kömək etməyi qərara aldım. Orta məktəbi bitirdikdən sonra - 1978-1979-cu illərdə peşə məktəbində təhsil alıb, atamla birgə mexanizator işləməyə başladım. İlk dəfə 60 hektara çiyid səpdim. İşimə olduqca məsuliyyətlə yanaşırdım. Mexanizator kimi işləməyə başlayandan sonra bu peşənin vurğunu oldum. İşə başlayan ili 157 ton pambıq toplayaraq müsabiqədə birinci yerə çıxdım. Beləcə, 1979-cu ildən 1989-cu ilədək kolxozda sürücü-mexanizator işlədim”.

Bərdədə və ölkəmizdə “21 mexanizator qardaşın bir bacısı” kimi tanınan Radə xanım zəhmətsevərliyi ilə kolxozda hamının hörmətini qazanıb. Qəhrəmanımız həmin illəri belə xatırlayır: “T-28 markalı traktorla çiyidi səpirdim, becərmə vaxtı kultivasiya aparır, məhsul yığımı vaxtı isə pambıqyığan maşınla pambıq toplayırdım. Kolxozda olan 21 mexanizatorun hamısı xətrimi çox istəyirdi. Çox mehriban idik. Bir yerdə işləyir, bir yerdə yemək yeyirdik. Lazım gələndə mənə kömək də edirdilər. Bir ailənin üzvləri kimi idik. O zaman rayon qəzetində “21 qardaşın 1 bacısı” adlı yazı çıxmışdı. Sonra Moskvadan da müxbirlər gəlib yazı hazırladılar. Elə o vaxtdan 21 qardaşın 1 bacısı kimi tanınmağa başladım”.

Əmək fəaliyyətinə dair xatirələrindən danışan Radə Məmmədova bunların içərisində ən qiymətlisinin ulu öndər Heydər Əliyevlə bağlı olduğunu deyir: “Mənim mexanizator ixtisası üzrə ali təhsil almağımda və həyat yolumun seçimində ulu öndərimiz Heydər Əliyevin müstəsna rolu var. O vaxtlar Ulu Öndər rayonlara tez-tez səfər edirdi. Hər səfərində zəhmət adamları ilə, sürücü-mexanizatorlarla söhbət edir, işləri ilə maraqlanırdı. Bərdəyə növbəti səfəri zamanı keçirilən görüşdə mən də çıxış etdim. İclasdan sonra tarlada görüşümüz oldu. Mənə “Gənc qızsan, amma əllərin kişi əlləri kimi möhkəm və qabarlıdır. Sən Kənd Təsərrüfatı İnstitutunda təhsil almalısan. Səni oxumağa göndərirəm” dedi. Beləcə, sənədlərim toplandı və Kənd Təsərrüfatı İnstitutuna göndərildi. Elə həmin il instituta qəbul oldum”.

Radə Məmmədova qiyabi təhsil alaraq, eyni zamanda, kolxozda sevimli işini davam etdirib. Bu illər ərzində qabaqcıl mexanizator kimi “Əmək şöhrəti” ordeni, “Əmək qələbəsi” medalı, “Beşilliyin qalibi”, “Qızıl əllər” döş nişanlarına layiq görülüb. Sevin Qazıyeva adına, Özbəkistanda Tursunoy Axunova adına, Moskvada Paşa Angelina adına mükafatların qalibi olub. Əmək nailiyyətlərinə görə “Volqa” markalı avtomobillə mükafatlandırılıb. Rayon sovetinin deputatı seçilib.

Əmək meydanını hünər cəbhəsi sayan və dövlətimizin əmək adamlarına daim qayğı və dəstəyini görən Radə Məmmədova indiki kənd təsərrüfatı texnikalarının əvvəlkilərlə müqayisədə çox rahat, müasir və daha səmərəli olduğunu vurğulayıb. O, gəncliyində olduğu kimi indi də əmək cəbhəsində hünər göstərmək həvəsindədir.

2018-06-12 / 13:44
Facebook