Bakı Ekspo Mərkəzində mayın 29-dan iyunun 1-dək keçirilən XXV Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində Azərbaycan Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) tərəfindən günəş panelləri, hibrid işıqlandırma sistemləri, 6V/90As yüklü akkumulyatorlar, LED fənərlər, ABOEM maqnit generatorları və sairə avadanlıqlar təqdim olunub.
ABOEM üzrə Dövlət Agentliyindən bildirilib ki, sərgidə ilk dəfə olaraq azərbaycanlı gənc Reyhan Camalova tərəfindən irəli sürülmüş “Yağış sularından enerji alaq” layihəsi əsasında “Azgüntex” zavodunda yığılmış model nümayiş olunub. Model öz universallığı ilə seçilir. Belə ki, qurğu istifadə olunmuş sulardan və yağışdan enerji istehsal etmək kimi özəlliyə malikdir. Sabit “Maqnit Generator”u üzərində ilkin sınaq testlərinin aparılması və əldə edilən nəticələr bu qurğunun təkmilləşdirilərək, məişətdə istifadə olunması üçün zəmin yaradır. Bu isə İran, Özbəkistan, Belarus, Türkiyə kimi ölkələrdən gəlmiş nümayəndələrin marağına səbəb olub.
Həmçinin XXV Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi - ekspert məsləhətləşmələrinə həsr olunmuş seminar da keçirilib.
Qeyd edək ki, sərgi alternativ və bərpa olunan enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji avadanlıqlar və yaşıl enerji sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni, səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, həmçinin perspektivli müqavilələr imzalamaq üçün unikal fürsətdir.