"Aqrolizinq" ASC-nin sədri: Kəndli və fermerlərə yaxından kömək göstəriləcək

 

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) qarşısında konkret tapşırıqlar qoyulub. Əsas tələblərdən biri odur ki, biz yerlərdə görüşlər keçirməli, kəndli və fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması ilə birbaşa məşğul olmalıyıq. Bu gün Xaçmazda keçirilən görüşdə də təsərrüfat sahiblərinin söylədikləri çətinliklər, eləcə də təkliflər qeydə alındı. Biz bununla bağlı araşdırma aparacağıq və çalışacağıq görüşlərimiz səmərəli olsun.

Bu sözləri "Aqrolizinq" ASC-nin yeni təyin olunan sədri Seymur Mövlayev mayın 14-də Xaçmazda fermer və təsərrüfatçılarla görüş zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyində keçirilən görüşdə kənd təsərrüfatı sahəsində əsas fəaliyyət istiqamətlərindən danışılıb. Bildirilib ki, kəndli və fermerlərin qarşılaşdıqları problemlərin araşdırılaraq həlli yollarının tapılmasında onlara yaxından kömək göstəriləcək.

Fermerlər daha çox kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin, təmir sexlərinin çatışmazlığı, dərman və pestisidlərin keyfiyyətinin aşağı olmasından narahatlıqlarını dilə gətiriblər. Rayonun qabaqcıl təsərrüfatçıları texnikaların istismarı sahəsində ixtisaslı kadrların azlığını da qeyd ediblər.

Seymur Mövlayev bildirib ki, qısa müddətdə 23 rayonda fermerlərlə və müvafiq qurumların nümayəndələri ilə görüşlər keçirilib. Yerlərdə fermer və təsərrüfatçılarla görüşlər bundan sonra da mütəmadi təşkil olunacaq.

2018-05-14 / 18:34
Facebook