Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb

 

Dekabrın 25-də Bakıda "Ağ Şəhər" Biznes Mərkəzində Rusiya İxrac Mərkəzinin (RİM) nümayəndəliyi açılıb.

Rusiyanın Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiya ilə bütün sahələrdə əlaqələrimizin dinamik inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Ticarət dövriyyəmiz və investisiyalarımız artır.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin RİM-in Azərbaycandakı nümayəndəliyinin Rusiya ixracatçılarına maliyyə və xidmətlərin yerli bazara çıxarılmasında biznes missiyasının təşkili ilə yanaşı, maliyyə dəstəyi üzrə tədbirlərə də hərtərəfli dəstək göstərəcəyini deyib.

RİM Qrupunun başçısı Pyotr Fradkov qeyd edib ki, Azərbaycanda RİM-in nümayəndəliyinin açılması ölkələrimiz arasında əmtəə dövriyyəsinə kömək edən əlavə güclü vasitə olmaqla yanaşı, Rusiyanın qeyri-neft məhsulları ixracatçıları arasında maraq göstərə biləcək şirkətlərin Azərbaycan bazarına daxil olmasına yeni təkan verəcək. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək ki, bu da hər iki ölkənin xarici iqtisadi siyasətinin ən mühüm prioritetlərinə cavab verir.

Qeyd edək ki, RİM-in Bakıdakı ofisi Qrupun xarici ölkələrdə açılan nümayəndəliklərinin ümumi siyahısında İran, Qazaxıstan, Tacikistan və Vyetnamdan sonra beşincidir. RİM ixraca dəstək üçün Rusiya hökumətinin dəstəyi ilə yaradılmış dövlət müəssisəsidir. Mərkəz maliyyə və qeyri-maliyyə dəstəyi, o cümlədən ixtisaslaşmış nazirlik və idarələr ilə qarşılıqlı fəaliyyət sahəsində ixracatçılarla iş üzrə "Bir pəncərə" funksiyasını yerinə yetirir.

2017-12-25 / 11:48
Facebook