Azərbaycan təbii qazını Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinə (TANAP) sınaq məqsədilə ilk qaz gələn ilin yanvarında vurulacaq.
Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
TANAP-ın baş direktoru əlavə edib: “Layihə üzrə Faza-0, yəni 2018-ci ilin ortalarında Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində gələn ilin yanvar ayı ərzində genişləndirilən Cənubi Qafqaz Boru Kəmərindən (CQBKG) TANAP-a sınaq və istismara hazırlıq məqsədilə ilk qaz qəbul edilməyə başlayacaq. Sınaq və istismara hazırlıq üzrə təbii qazın qəbulu gələn il iyun ayının sonuna qədər davam edəcək. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz isə 2018-ci il iyulun 1-də veriləcək”.
Qeyd edək ki, Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması və “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir - Faza-0, o cümlədən də Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün görülən işlər. Bu vaxtadək layihənin ümumilikdə 88 faizədək hissəsi icra edilib.
TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.