Xocalı soyqırımı haqqında sənədli film ABŞ-da film festivalında nümayiş etdirilib

 

ABŞ-ın Yuta ştatının festival şəhəri kimi tanınan Sedar şəhərində keçirilən nüfuzlu 11-ci “Red Rock” film festivalı çərçivəsində Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəridir.

Los-Anceles istehsalı olan və burada fəaliyyət göstərən yəhudi kinematoqraflar tərəfindən çəkilmiş bu sənədli film Xocalı soyqırımının canlı şahidlərinin müsahibələri və onların tükürpədici ifadələri vasitəsilə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri diqqətə çatdırır. Filmdə həmçinin ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımı pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilir.

Filmdə o cümlədən 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əldə etdiyi nailiyyətlərdən, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində kampaniyanın oynadığı mühüm roldan bəhs olunur.

Filmin ABŞ-da ilk nümayişi 2017-ci il fevralın 21-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə həmin şəhərdə yerləşən və dünyanın ən böyük və nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental (Simon Wisenthal) Mərkəzinin Tolerantlıq Muzeyində baş tutmuşdur.

Qeyd olunmalıdır ki, 2007-ci ildən bəri hər il keçirilən “Red Rock” film festivalda qısa və tammetrajlı filmlər, qısa və tam sənədli filmlər və digər kateqoriyalar üzrə müxtəlif janrlarda ekran əsərləri nümayiş etdirilir. Ən yaxşı filmlər “Oskar”, “BAFTA” və “Sundance” kimi ən nüfuzlu film müsabiqələrinin qaliblərindən ibarət münsiflər heyəti tərəfindən seçilir.

Festival 2009-cu ildə ABŞ-da film sənayesi sahəsində ən tanınmış jurnallardan olan “MovieMaker” jurnalı tərəfindən tərtib edilən ən yaxşı film festivalları sırasında yer alıb. Festivala hər il dünyanın 50-yə yaxın ölkəsindən 700-dən çox film təqdim olunur. Onlardan yalnız seçilmiş filmlər festival çərçivəsində nümayiş etdirilir.

2017-11-23 / 09:41
Facebook