Sınaq məqsədilə “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə Rusiyadan İrana taxta daşınıb

 

 

Sınaq məqsədilə “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə Rusiyadan İrana taxta daşınıb.

Bu barədə “ADY Ekspress”dən  məlumat verilib.

Bildirilib ki, Azərbaycanın tranzit potensialını artıracaq digər marşrutlarla yanaşı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət kəsb edən layihələrdən biridir. Dəhliz Hindistan-İran–Azərbaycan–Rusiya–Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərir.

“ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə yükdaşımalar həyata keçirir. Bu dəfə sınaq məqsədilə Rusiyadan İrana taxta məmulatları nəql edilib. Yük Rusiyanın Tixonovo stansiyasından çıxaraq dəmir yolu ilə “ADY Express”in Astara stansiyasındakı terminalına çatdırılıb və orada aşırma əməliyyatı keçirəndən sonra yük avtomobillərlə İran ərazisinə nəql edilib. Qeyd edək ki, 907 ton həcmdə olan yük Astara terminalına 16 vaqon vasitəsilə çatdırılıb. Sınaq yükdaşımasından sonra həmin yüklərin, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə davamlı olaraq nəql edilməsi nəzərdə tutulub.

Onu da vurğulayaq ki, Azərbaycanla İran dəmir yollarının birləşdirilməsi layihəsi hələ tam başa çatdırılmamış, artıq “ADY Express” şirkəti tərəfindən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaların həyata keçirilməsi, həmin dəhlizin perspektivindən xəbər verir.

Bir sözlə, əlverişli coğrafi mövqe, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr sırasında bu dəhlizin yer alması Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli və çoxşaxəli şəkildə istifadə edilməsinə geniş imkan yaradır.

2017-11-02 / 16:11
Facebook