Qubada 5 istiqamətdə yol tikilir

 

Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin məlumatına görə, adı çəkilən bütün yolların əksəriyyəti torpaq və qismən çınqıl örtüklü olub, eni isə cəmi 4-5 metr arası dəyişib. Bəzi hissələrdə isə ümumiyyətlə yol olmayıb. Bu səbəbdən bir-neçə kilometrlik hissədə dağların və meşələrin arası ilə yeni yollar salınıb.

Layihə çərçivəsində 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Aparılan işlər zamanı yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılıb, yeni yol əsası inşa edilib. Bununla da yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə isə çiyinlərin eni 2 metr təşkil edir.

Aparılan tikinti işləri çərçivəsində yollar boyu 6 avtomobil körpüsü də inşa edilib. Belə ki, Rustov kəndində 9 və 18 metr uzunluğunda 2 körpü, Rustov-Gürdəh yolunda 18 metr uzunluğunda 1 körpü, Aşağı və Yuxarı Xanəgah kəndlərində 9 metr uzunluğunda 2 körpü, Baxçalı yolunda isə 5 metr uzunluğunda 1 körpü inşa edilib.

Hər bir körpünün ümumi eni 9 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub. Bundan başqa hər 5 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 mm, 78 ədəd 500 mm və 12 ədəd 1000 mm diametrlik su ötürücü boruların tikintisi də aparılıb.

Yollar boyu 2 qat olmaqla 200 min m2 sahənin asfaltlanması işləri aparılaraq yekunlaşdırılıb. Yaxın günlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanması xətləri çəkiləcək.

2017-10-13 / 11:43
Facebook