Ağdaşda bugünədək 4131 ton çəltik və 1196 ton pambıq yığılıb

1507606867809363596_1000x669

Ağdaş rayonunda fermerlər və torpaq mülkiyyətçiləri minlərlə hektar sahədə yetişdirdikləri çəltik və pambıq məhsulunu toplamaq üçün bir aydan çoxdur ki, bütün qüvvələri səfərbər ediblər. Çəltik biçini prosesinə 20 ədəd kombayn cəlb edilib.

Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, cari ildə ölkəmizin ən böyük çəltikçilik rayonu Ağdaşın 59 yaşayış məntəqəsində 360 fermer və torpaq mülkiyyətçisi tərəfindən 2454 hektar sahədə çəltik əkilib. Bu günədək 2000 hektar sahədə çəltik biçini aparılıb və 4131 ton məhsul istehsal edilib. Biçin kampaniyasının bu ayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Rayonda çəltik əkini, becərilməsi və biçini ilə əlaqədar 2200 nəfər mövsümi işlə təmin olunub. Çəltik rayondakı 7 dəyirmanda emal olunaraq keyfiyyətli düyü əldə edilir.

Həmçinin Ağdaşda pambıq yığımı əl əməyi və 10 ədəd pambıqyığan kombaynın köməyi ilə davam etdirilir. Ötən bir ay ərzində Ağdaşda 3 min hektar pambıq sahəsindən 1196 ton məhsul yığılaraq “Ucar MTK” MMC-yə təhvil verilib. Mütəxəssis rəyləri və pambıq kollarında yetişmiş qozalar deməyə əsas verir ki, bu il ağdaşlı fermerlər hər hektar sahədən 20 sentner olmaqla, ümumilikdə 6 min tona yaxın pambıq tədarük edəcəklər.

2017-10-10 / 09:13
Facebook