Oktyabrın 20-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinin monitorinqi üzrə yaradılan Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasının iclası keçiriləcək.
Liviya, Nigeriya və İraqın nümayəndələri də görüşdə iştiraka dəvət edilib.
İclasda ölkələrin neft ixracının monitorinq üzrə mexanizm müzakirə olunacaq. Həmçinin saziş üzrə hasilat kvotasının artırılması, sazişin müddətinin daha da uzadılması da iclasın gündəliyində yer alan mövzulardandır.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.