Azərbaycan nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasının tədbirində iştirak edib

1507200576272464441_1000x669

Misirin Şarm-əş-Şeyx şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasına (IACA) üzv Dövlətlərin Assambleyasının 6-cı sessiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə Baş İdarənin, Xarici İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, Baş İdarənin və “ASAN xidmət” mərkəzlərinin korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında rolu, həmçinin ölkəmizlə IACA arasında ikitərəfli münasibətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Azərbaycanın bu sahədə qazandığı uğurları qeyd edib.

Tədbirdə Akademiyanın fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı təşkilati və hüquqi xarakterli məsələlər müzakirə edilib. Həmçinin qurumun qlobal miqyasda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində rolunun artırılması məqsədilə bir sıra zəruri sənədlər işlənib hazırlanıb. Həmin sənədlərin hazırlanması və qəbulu prosesində ölkəmizin nümayəndə heyətinin fəal iştirakı xüsusi vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə IACA-nın rəhbəri Martin Kreutner, eləcə də Misir və digər dövlətlərin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib, korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev iştirak edib.

2017-10-05 / 14:52
Facebook