BƏT-in 10-cu Avropa Regional İclası çərçivəsində keçirilən debatlarda ölkəmizdəki əmək bazarı ilə əlaqədar suallara cavablar verilib

15071955884977023758_1000x669

İstanbulda keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclas çərçivəsində “Əmək sferasının idarə olunması” mövzusunda keçirilən xüsusi plenar müzakirələr zamanı ölkəmizin əmək bazarında baş verən proseslər, həmin proseslərə uyğun olaraq görülən tədbirlər və qarşıda duran hədəflər barədə məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir həmin sahədə aparılan işlərin müsbət nəticəsi kimi, Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən açıqlanan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda əmək bazarının səmərəliliyi üzrə mövqeyinin daha 9 pillə irəlilədiyini bildirib: “Dövlət müasir dövrdə əmək bazarında özünü göstərən prosesləri dərindən təhlil edərək mövcud çağırışları və onlara uyğun şəkildə atılacaq addımları müəyyən edir. Hazırda əmək bazarına təsir edən amillərdən biri iqtisadiyyatın liberallaşdırılması nəticəsində əmək bazarında özünüməşğul əhalinin, habelə iş vaxtı rejimi baxımından daha çevik əmək münasibətlərinə imkan verən sərbəst (frilanser) işçilərin sayının artmasıdır. Təbii ki, belə işçi kontingentinin əməyinin leqallaşdırılması və bununla əlaqədar milli qanunvericiliyin zəruri dəyişikliklərlə təkmilləşdirilməsi, eləcə də özünüməşğul əhalinin maraqlarının sosial dialoq proseslərində nəzərə alınması diqqətdə saxlanılır”.

Qeyd edilib ki, əmək bazarında yeni peşələrin və ixtisasların yaranması, istehsal proseslərində müasir texnologiyaların geniş tətbiqi peşə bilik və bacarıqlarının da müasirləşdirilməsin tələb edir: “Belə şəraitdə müasir tələblərə cavab verən peşə standartları əsasında təlim proqramlarının hazırlanması və tətbiqi, bu yolla əldə edilmiş peşə bacarıqlarının tanınması sisteminin yaradılması əsas hədəflərdəndir. Həmçinin əmək bazarının kəmiyyət və keyfiyyət baxımından tələbatını öyrənmək üçün mükəmməl monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılması görüləcək işlər sırasındadır. İşçilərin ömür boyu təhsil sisteminə marağının artırılması, onların fasiləsiz təhsilə cəlb olunması əmək bazarı üçün aktuallıq kəsb edir. Bununla əlaqədar atılacaq addımlardan biri də Avropa Kvalifikasiya Çərçivəsinə uyğun Milli Kvalifikasiya Çərçivəsinin yaradılması olacaq ki, bu da rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir”.

İşçi qüvvəsinin mobilliyinin artırılması məsələsinə toxunan nazir ölkələr arasında demoqrafik və iqtisadi inkişaf səviyyəsi baxımından fərqlilik nəzərə alınmaqla donor və qəbul edən ölkələr arasında işçi qüvvəsinin hərəkətinin tənzimlənməsi məqsədilə qanunvericilikdə zəruri dəyişikliklərə ehtiyac olduğunu bildirib: “Bu gün əmək bazarında özünü göstərən problemlərdən biri də urbanizasiya ilə bağlıdır. Əvvəllər kəndlərdən şəhərlərə yönələn işçi qüvvəsi axını artıq əksinə, şəhərlərdən kəndlərə qayıdışı prosesi ilə əvəz olunur. Qarşıdakı dövrdə də balanslaşdırılmış iqtisadi siyasət, regional əmək bazarlarının canlanmasına, bölgələrdə yeni iş yerlərinin açılması və ixtisaslı işçi qüvvəsinin cəlb edilməsinə yönələn tədbirlər davam etdiriləcək”.

Nazir əmək bazarında sosial inklüzivliyin təmin edilməsinin vacibliyini önə çəkərək söyləyib ki, əmək bazarına uyğunlaşmaqda çətinlik çəkən həssas əhali qruplarının, xüsusilə əlilliyi olan şəxslərin və gənclərin məşğulluğunun təmin olunmasına yönəlmiş xüsusi proqramların tətbiqi, bu sahədə sosial tərəfdaşların maraqlarının və aktiv əmək bazarı tədbirlərinin səmərəliliyinin artırılması əsas vəzifələrdəndir.

Tədbirin panel müzakirələr mərhələsində S.Müslümov texnoloji, demoqrafik, iqlim dəyişikliyi və sürətlənən qloballaşmanın əmək sferasına gətirdiyi dəyişikliklərlə bağlı əmək bazarının dəstəklənməsi, sosial dialoqun inkişafı, beynəlxalq əmək standartlarının əmək münasibətlərinin tənzimlənməsində rolu və s. barədə suallara cavablar verib.

2017-10-05 / 14:44
Facebook