Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev muzeyində Özbəkistanın Müəllimlər Gününə həsr olunan mərasim keçirilib. Tədbirdə Özbəkistanın ali və orta məktəblərində, kollec və liseylərində çalışan azərbaycanlı müəllimlər iştirak ediblər.
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi sədrinin müavini Firdovsi Hüseynov müəllimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyayevin müəllimlərə ünvanlanan təbrik məktubu oxunub.
Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov gənc nəslin tərbiyə edilməsində müəllimlərin əvəzolunmaz rolundan danışıb. O deyib ki, bu və digər peşə sahibləri yüksəldikləri səviyyəyə görə müəllimlərə minnətdar olmalıdırlar.
Özbəkistan Nazirlər Komitəsi nəzdindəki Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin məsul işçisi Umid Tursunov bildirib ki, respublikada 135 xalq və millətin nümayəndələri sülh və sabitlik şəraitində yaşayırlar. Onlar ölkə vətəndaşları kimi bütün hüquqlardan istifadə edirlər.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun müavini Polad Zeynalov müəllimlərin çətin, eyni zamanda, şərəfli fəaliyyətindən söhbət açıb.
Sonra müəllimlər öz işlərindən danışıblar. Söhbət çay süfrəsi arxasında davam edib.