Yaponiya radiosunda Bakıda keçiriləcək “Japan Food Expo-2017” sərgisi barədə veriliş yayımlanıb

15070035105784822677_1000x669

Yaponiyanın populyar “Bay FM 78.0” radiosunda oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində təşkil ediləcək “Japan Food Expo-2017” sərgisi (Yaponiya qida məhsulları sərgisi-2017) barədə xüsusi veriliş yayımlanıb.

Verilişin qonağı, sərginin işçi qrupunun sədri, “Cross Border Club” şirkətinin prezidenti Kazuyasu İşida əvvəlcə Azərbaycan, onun coğrafi mövqeyi, iqtisadi potensialı, sürətli inkişafı, qədim və zəngin mədəniyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, cari ildə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur və ötən dövrdə iki ölkə arasında sıx dostluq münasibətləri, hər iki tərəf üçün faydalı əlaqələr qurulub. Rəhbərlik etdiyi “Cross Border Club”ın fəaliyyətindən danışan K.İşida deyib ki, son dörd ildə bu şirkətin xətti ilə 400-dən çox yapon iş adamı Azərbaycana səfər edərək bu gözəl ölkə ilə yaxından tanış olub.

“Japan Food Expo-2017” barədə məlumat verən işçi qrupunun sədri iki ölkənin iş adamları tərəfindən böyük maraqla qarşılanan bu sərginin iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əmin olduğunu bildirib. Diqqətə çatdırıb ki, sərgidə Yaponiyanın 70-dək şirkətindən 150-dən çox iş adamı iştirak edəcək. Sərginin təşkili ilə bağlı işçi qrupunun üzvləri iyul və sentyabr aylarında Bakıya gəliblər. Nümayiş etdiriləcək məhsullar “Silkway West Airlines” vasitəsilə Azərbaycana göndərilib.

Sərginin təşkili ilə bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, “Silkway West Airlines”, “Azərsun Holding” şirkətlərinin, “Bravo” və “Araz” supermarketlər qruplarının nümayəndələri ilə müzakirələr aparıldığını bildirən K.İşida deyib ki, həmin müzakirələr sərginin yüksək səviyyədə təşkilində mühüm rol oynayacaq.

Verilişdə Azərbaycanın ən böyük informasiya agentliyi AZƏRTAC-ın sərgiyə informasiya dəstəyi göstərdiyi xüsusi vurğulanıb.

Sərginin, eyni zamanda, yapon iş adamları üçün Azərbaycan xalqının qonaqpərvərliyi, mədəniyyəti ilə tanış olmaq imkanı yaradacağını vurğulayan K.İşida bildirib ki, sərgi iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarını araşdırmaq baxımından da əhəmiyyətli olacaq.

Sərgi barədə verilişin mətni radionun veb-səhifəsində yerləşdirilib.

2017-10-03 / 09:25
Facebook