Ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15066673041384162110_1000x669

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illik yubileyi qeyd olunub

Ölkəmizdə, o cümlədən muxtar respublikada ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, 2007-ci il 25 oktyabr tarixli Fərmanla komitənin Əsasnaməsi təsdiq edilib.

Bu faktlar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Əvvəlcə komitənin kollektivi ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində eksponatlarla tanış olub.

Tədbirdə komitə sədri Ramilə Seyidova çıxış edərək əməkdaşları yubiley münasibətilə təbrik edib və bildirib ki, ölkəmizdə ailə, qadın və uşaq siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb.

Qeyd olunub ki, ötən müddət ərzində komitənin Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, muxtar respublikada ailə, qadın və uşaq siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, inkişafını təmin etmək əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Komitənin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ötən dövrdə muxtar respublikada ailə institutunun qorunması, ailə dəyərlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüb.

Diqqətə çatdırılıb ki, aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə 248 aztəminatlı ailəyə baş çəkilib, ailə institutunun möhkəmlənməsi, qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə uzunömürlü ailələrlə gənclərin görüşü təşkil edilib. 72 uzunömürlü nümunəvi ailənin yubileyləri qeyd olunub.

Komitənin fəaliyyətində qadınların qarşılaşa biləcəyi problemlərin aradan qaldırılmasının, onların ictimai-mədəni həyatdakı rolunun artırılmasının mühüm yer tutduğunu vurğulayan Ramilə Seyidova deyib ki, dövlət proqramlarına uyğun olaraq sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan 4 min 897 qadınla söhbət aparılıb, onlardan 184-nün peşə kurslarına cəlb olunması üçün müvafiq təşkilatlara məlumatları göndərilib. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması və istedadlı qadınların üzə çıxarılması məqsədilə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində istedadlı qadınların əl işlərindən ibarət 22 sərgi-satış təşkil olunub. Bu sərgi-satışlarda və komitənin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən əl işləri mağazasında yüzlərlə istedadlı qadının 27 min 285 manat dəyərində 3099 əl işi satılaraq, dəyəri iş sahiblərinə ödənilib.

Bildirilib ki, komitə tərəfindən xüsusi qayğıya ehtiyacı olan 364 uşağa məktəbli paltarı və dərs ləvazimatları, eləcə də qış geyimləri verilib. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 126 uşağın yaşadığı ünvanda monitorinqlər təşkil edilib, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 91 uşağın və övladlığa götürülmüş 57 uşağın ümumi uçotu aparılıb.

Qeyd olunub ki, komitə əməkdaşlarının fəaliyyətinə dövlətimiz tərəfindən yüksək qiymət verilib, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif ediliblər. Ramilə Seyidova göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

On illik fəaliyyəti geniş təhlil edən komitə sədri vurğulayıb ki, qurumun əməkdaşları göstərilən qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək, bundan sonra da öz vəzifə borclarını uğurla yerinə yetirəcək və cəmiyyətin özəyi olan ailələrin sağlam, milli ruhda formalaşmasına, qadınların ictimai fəaliyyətinin güclənməsinə, uşaqların sağlam, vətənpərvər, layiqli vətəndaş kimi yetişməsinə çalışacaq, öz işini günün tələbləri səviyyəsində quracaq.

Sonda fəaliyyətində fərqlənən əməkdaşlara fəxri fərman və pul mükafatları verilib.

2017-09-29 / 10:46
Facebook