Sentyabrın 28-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq Ismayılovun “Historical and cultural monuments in the occupied territories of Azerbaijan” adlı kitabının təqdimatı olub.
Muzeyin elmi işçisi Leyla Əliyeva kitabın əhəmiyyətindən danışıb, azərbaycanlı alimlərin erməni vandalizmi barədə yazdıqları kitab, məqalə və digər yazılı əsərlərin gürcü ictimaiyyəti tərəfindən maraqla qarşılandığını qeyd edib.
Müəllif Faiq İsmayılov çıxışında bildirib ki, AMEA-nın İnsan Hüquqları İnstitutu, Azərbaycan Prezidenti yanında Türkçülüyə Dəstək Fondu, BMT-nin Təhsil və Mədəniyyət şöbəsi, UNESCO-nun Azərbaycan komissarlığının təşəbbüsü ilə çap edilən kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan “Azərbaycanın işğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin Elektron Məlumat Bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır” adlı layihə çərçivəsində işıq üzü görüb.
F. İsmayılov kitab haqqında ətraflı məlumat verdikdən sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Vüqar Mustafayev, Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, tarixçi alim, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya, Gürcüstan Memarlar Assosiasiyasının təsisçisi (CEO), STYLE jurnalının redaktoru Nino Logidze və başqaları çıxış edərək kitab ilə bağlı fikirlərini bölüşüb, ermənilərin Qafqazda törətdikləri vəhşiliklərdən bəhs ediblər.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə 819,15 milyard dollar məbləğində ziyan dəyib. Bu məbləğin 177 milyard dolları tarixi və mədəni abidələrə aiddir. İşğal altında olan Azərbaycan ərazilərində dünya mədəniyyəti incilərindən olan 13 abidə, 1200 dövlət və 2500 yerli əhəmiyyətli abidə dağıdılıb, talan edilib.
Bundan başqa, işğal olunmuş ərazilərdə 100 mindən çox eksponatın saxlandığı 26 muzey, 927 kitabxana, 4,6 milyon kitab, 808 klub, 4 teatr, 2 konsert salonu, 8 istirahət və mədəniyyət parkı, 4 incəsənət qalereyası, 85 musiqi məktəbi minlərlə musiqi aləti və sair qiymətli mal-material dağıdılıb və ya mənimsənilib.
Q. Marxuliya çıxışında bildirib ki, ermənilərin Azərbaycan mədəniyyətinə, incəsənətinə vurduğu ziyan təkcə bununla bitmir. Ermənilərin Azərbaycanda və Gürcüstanda insanlara vurduqları mənəvi-psixoloji zərbəni qiymətləndirmək mümkün deyil. Erməni terrorçuları beynəlxalq məhkəmələrdə cavab verməli, onların barəsində ən ağır cəza tədbiri görülməlidir.
Qeyd olunub ki, dünya ictimaiyyəti bunu dərk etməli, ermənilərin Cənubi Qafqazdakı dağıdıcı, terroruçuluq fəaliyyətini pisləməli və erməni vandalizminə qarşı birgə mübarizə aparmalıdır.