Beynəlxalq konfransda ölkəmizdə pensiya təminatı sisteminin inkişafı sahəsində aparılan islahatlar təqdim olunub

15065991983160427873_1000x669

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində “Pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkil etdiyi beynəlxalq konfransda iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirdə fondun direktoru Zakir Babayev Azərbaycanın pensiya təminatı sisteminin inkişafı sahəsində aparılan islahatlarla əlaqədar “Azərbaycanın pensiya təminatı sisteminin inkişafında maliyyə mexanizmləri” adlı təqdimatla çıxış edib.

Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, 2006-cı ildən ölkəmizdə beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modelinin - sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı vahid mexanizmin formalaşdırıldığı diqqətə çatdırılıb. Eyni zamanda, ölkəmizin pensiya təminatı sisteminin inkişafı sahəsində aparılan növbəti islahatlar və pensiya qanunvericiliyinə edilən son dəyişikliklər barədə məlumat verilib. Aparılan islahatların pensiya təminatı sisteminin sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi prinsipləri əsasında daha da təkmilləşməsi və həmin sistemin uzunmüddətli inkişafına imkan yaratdığı qeyd olunub.

Ölkəmizdə pensiya təminatı sistemində həyata keçirilən islahatlara dair məlumatlar konfrans iştirakçılarının marağına səbəb olub. Təqdimat zamanı iştirakçıların suallarına ətraflı cavablar verilib.

Nümayəndə heyəti Astanada “Sosial ayırmalar - məşğul əhaliyə adekvat sosial ödəmələrin təminatıdır” mövzusunda keçirilən respublika seminarında da iştirak edib və həmin tədbir çərçivəsində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) baş katibi Hans-Horst Konkolevski və Malayziyanın Sosial Sığorta Təşkilatının idarə heyətinin sədri, BSTA-nın təşkilatlanma, idarəetmə və innovasiyalar üzrə Texniki Komissiyasının sədri Məhəmməd Azman bin Əziz Məhəmmədlə görüşüb. Görüşdə Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən növbəti islahatlara dair fikir mübadiləsi aparılıb.

“Qazaxıstanda reallaşdırılan ən yaxşı sosial layihələr” adlı beşinci yubiley sərgisində iştirak edən nümayəndə heyəti həmin tədbir çərçivəsində Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Tamara Duysenova ilə görüşüb. Səfər çərçivəsində həmin ölkənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Svetlana Jakupova, Qazaxıstan parlamentinin Sosial mədəni inkişaf komitəsinin üzvü Aygül Nurkina, Qazaxıstanın “Vahid Yığım Pensiya Fondu” SC-nin idarə heyətinin sədri Nurbibi Naurızbayova və digər rəhbər şəxslərlə görüşlər keçirilib, müvafiq sahələrdə aparılan islahatlara dair qarşılıqlı məlumatlar verilib, islahatların nəticələri ilə bağlı təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub.

Nümayəndə heyəti Qazaxıstanın “Vahid Yığım Pensiya Fondu” SC-nin və “Hökumət vətəndaşlar üçün” Dövlət Korporasiyası Qeyri-Kommersiya SC-nin mərkəzi ofislərinin və ayrı-ayrı struktur bölmələrinin fəaliyyəti ilə də yaxından tanış olub.

2017-09-28 / 15:52
Facebook