Azərbaycan Parisdə keçirilən “Top Resa 2017” beynəlxalq turizm sərgisində təmsil olunur

15064958651572550967_1000x669

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Parisdə “Top Resa 2017” beynəlxalq turizm sərgisi keçirilir.

Sərgidə Azərbaycanı “PAŞA Travel” və “Premier Tour” turizm şirkətləri təmsil edir.

“PAŞA Travel” ölkəmizin turizm potensialı və xidmətləri haqqında sərgi iştirakçılarına, turizm üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələrinə ətraflı məlumatlar təqdim edir. Şirkətin stendində mədəniyyətimiz, tariximiz, eləcə də ölkəmizin turizm imkanları haqqında fransız və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları nümayiş olunur.

“PAŞA Travel” ölkəmizdə MICE xidmətləri, korporativ tədbirlərin təşkili, təlimlər, sahə seminarları, təşviq səfərləri kimi xidmətlər üzrə təkliflərini təqdim edir. Azərbaycanda IATA tərəfindən akkreditasiya edilmiş yeganə səyahət agentliyi olan “PAŞA Travel”in dünyanın müxtəlif böyük aviaşirkətləri, yerüstü xidmət təchizatçıları və turizm operatorları ilə qurduğu əməkdaşlıq ona yüksək səviyyəli, davamlı və etibarlı xidmət göstərməyə imkan verir.

“Premier Tour” şirkəti isə regionlarımızda təklif olunan turizm xidmətləri haqqında məlumat verir.

“Top Resa 2017” beynəlxalq turizm sərgisi sentyabrın 29-dək davam edəcək.

“PAŞA Travel” stendinin ziyarətçisi, “Pacific Voyages” turizm şirkətinin təsisçisi Vuonq Ti Tay Van ölkəmizi çoxdan tanıdığını bildirib: “Şirkətimiz 25 ildir fəaliyyət göstərir. Azərbaycana turlar təşkil etmişəm. Ölkənizin gözəlliyinə heyranam. Azərbaycan stendini görəndə çox sevindim. Gələcəkdə “PAŞA Travel” ilə əməkdaşlıq etməkdə maraqlıyıq”.

Səyahətçi Jan-Klod Budye deyib: “Səyahət etməyi sevirəm. Dəfələrlə Asiya ölkələrində olmuşam, ancaq Azərbaycanda hələ olmamışam. Ölkəniz haqqında eşitmişəm, stendinizdə turizm xidməti ilə bağlı ətraflı məlumat aldım. Azərbaycanla çox maraqlanıram. Növbəti səyahətim yəqin ki, Azərbaycana olacaq”.

2017-09-27 / 11:06
Facebook