Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılması üzrə sazişə əməletmə səviyyəsi 116 faizədək artıb.
Bu barədə təşkilatın dünən Vyanada keçirilən OPEC+ ölkələrinin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin iclasına dair açıqlamasında deyilir. Bildirilir ki, OPEC+ ölkələri bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliklərinə əməl etməkdə davam ediblər. Sazişə əsasən, OPEC-ə üzv ölkələr ümumi neft istehsalını gündəlik orta hesabla 1,8 milyon barrel azaltmalıdırlar.
Ekspertlər neft istehsal edən ölkələrin dünya bazarında xam neftin təklifinin azaldılması üçün bu enerjidaşıyıcısının istehsalını azaltmağa davam etdirdiklərini vurğulayıblar.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.