Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru olan TAP AG şirkəti Bodossaki Fondu ilə əməkdaşlıq çərçivəsində 1 milyon avro dəyərində sərmayə proqramına başlayıb.
Bu barədə TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP AG enerji sahəsində magistr proqramlarının maliyyələşdirilməsi üçün Qərbi Makedoniya Universiteti və Texnoloji Təhsil İnstitutunda 1 milyon avro dəyərində sərmayə proqramını icra edəcək. Bu təşəbbüsün tərkib hissəsi kimi, TAP magistr proqramlarında iştirak edəcək ildə 90 tələbənin 5 il ərzində təhsil haqlarının 50 faizini ödəyəcək. Proqramlardan biri Azərbaycan Dövlət İqtisad Universiteti, Qərbi Makedoniya Universiteti və Texnoloji Təhsil İnstitutunun birgə Yunanıstan-Azərbaycan Universitetlərarası proqramı -“Neft-qaz çıxarmanın idarə edilməsi və nəqliyyatı”dır. Digəri isə Qərbi Makedoniya Universiteti tərəfindən təklif edilən “Enerji resursları üzrə texnologiyalar və idarəetmə” proqramıdır.
Bodossaki Fondu Yunanıstanda ən mühüm ictimai təşkilatdır. 1972-ci ildə yaradılan fond indiyədək sosial layihələr üçün 400 milyon avrodan çox sərmayə yatırıb. TAP-Bodossaki Fondu əməkdaşlığı TAP-ın 32 milyon avroluq ümumi sosial və ekoloji sərmayə proqramının bir hissəsidir.
Xatırladaq ki, TAP qaz boru kəməri layihəsinin 50 faizdən çoxu icra edilib. Boru kəmərinin tikintisi işlərinə başlanılandan ötən təxminən 16 ay ərzində layihə üzrə 16 milyon adam/saat iş görülüb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutunun təxminən 539 kilometri, yəni 70 faizi təmizlənib. Qaynaq edilən boruların 45 faizdən çoxu döşənib.
Boru kəmərinin tikintisində istifadə olunacaq 55 min borunun təxminən 95 faizi Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. TAP-ın dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası isə sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb. TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır.
Avqustun əvvəlinə Yunanıstanda TAP kəməri marşrutu üzrə 375 kilometr ərazi təmizlənib, təxminən 347 kilometr borular xətt boyunca düzülüb. Boruların 316 kilometri qaynaq edilib. 229 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. Xətt boyunca 133 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.
Bundan başqa, TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır.
Qeyd edək ki, TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).