Əmlak Komitəsinin daha 3 xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib




15060638731712315994_1000x669

“Elektron hökumət” portalına daha 3 elektron xidmət əlavə olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) daha 3 xidməti elektronlaşdırılaraq “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya edilib. Bununla da, ƏMDK-nın “Elektron hökumət” portalı üzərindən təqdim olunan xidmətlərinin sayı 35-ə çatıb.

Komitənin “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”, “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi”, “AZPOS sisteminə qoşulmaq üçün müraciətin və sənədlərin qəbulu” adlı xidmətlərindən artıq "Elektron hökumət" portalında - www.e-gov.az istifadə etmək olar.

Qeyd olunan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” xidməti vasitəsilə vətəndaş ölkə üzrə şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub- olmadığı haqda məlumat əldə edə bilər.

“Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti üzrə də vətəndaş ölkə üzrə ünvanı göstərməklə həmin ərazi üzrə mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatları ala bilər. Qeyd edək ki, hər iki xidmət üçün ödəniş tələb olunur.

İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən etmək istəyən qurum AZPOS (Azerbaijan Positioning Observation System) vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq imkanına malikdir.

Portala inteqrasiya olunan üçüncü xidmət AZPOS sisteminə qoşulma üçün müraciəti və sənədlərin qəbulunu ehtiva edir.

Qeyd edək ki, AZPOS Azərbaycan Respublikası ərazisində geodeziya-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyilə koordinatları müəyyən edən informasiya sistemidir.

2017-09-22 / 11:15
Facebook