Bu il SOCAR-ın Qaz Emalı Zavodunda 1 milyard 680,9 milyon kubmetr təbii qaz emal olunub.
Bu barədə zavodun direktoru Aqşin Paşayev deyib. O bildirib ki, emaldan sonra təhvil verilmiş təmizlənmiş təbii qazın həcmi 1 milyard 648,8 milyon kubmetr təşkil edib. Təbii qazın emalı üzrə zavodun faktiki orta illik istehsal gücündən 63 faiz istifadə edilib.
Direktor qeyd edib ki, texnoloji reqlamentə müvafiq olaraq hər min kubmetr təbii qazın emalı zamanı itkilər 5,8 kubmetr, texnoloji prosesin aparılmasında sərf edilən yanacaq qazın həcmi isə 11,3 kubmetr təşkil edib. Təbii qazın emalından 19 min ton qeyri-sabit qaz benzini əldə edilib. Əldə edilən qeyri-sabit qaz benzininin 18,8 min tonu fraksiyalaşdırmaya verilib, 7,3 min ton texniki butan və 11,4 min ton qaz benzini (nafta) istehsal olunub.
O deyib ki, cari ilin ötən dövrü ərzində “Azneft” İstehsalat Birliyi ilə Qaz Emalı Zavodu arasında bağlanılmış xidmət və ticarət agenti müqavilələri çərçivəsində 7,5 min ton texniki butan və 11,6 min ton qaz benzini yüklənilib. Yüklənilmiş texniki butanın 4,6 min tonu “Azərkimya” İstehsalat Birliyinə göndərilib.