“Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” (AÇG) üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37 faiz, “AzACG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
Bu da o deməkdir ki SOCAR-ın AÇG-dəki payi iki dəfədən çox artıb. Yeni sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.
Yeni sazişdən əvvəl AÇG-də iştirak payları belə olub: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TP” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).
Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır. Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq.
Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.
Qeyd edək ki, bu gün Azərbaycan hökuməti və tərəfdaşlar Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalayıblar.
Xatırladaq ki, ötən il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının gələcəkdə işlənməsi üçün niyyət məktubu imzalayıblar. Bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək.
Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək AÇG layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib.
AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. O vaxtdan bəri yatağın işlənməsinə təqribən 33 milyard dollar sərmayə qoyulub. İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib.
İndiyədək AÇG-dən təqribən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft hasil edilmiş və bu neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb.
AÇG-dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. 2017-ci ilin birinci yarısında AÇG-dən gündəlik orta hesabla 585 min barrel hasilat əldə edilib.
Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.