Bakıda keçirilən "Caspian İnd Expo” beynəlxalq sənaye sərgisində müxtəlif ölkələrdən 30-dan artıq şirkət iştirak edir. Onların bir çoxu isə İranın iri şirkətləridir.
Bu sözləri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 13-də “Caspian İnd Expo” (İnternational İndustry Exhibition) adlı beynəlxalq sənaye sərgisinin açılış mərasimində deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycanla İran arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Yalnız bu ilin 8 ayı ərzində ticarət dövriyyəsinin artımı 40 faizdən çox olub. Son illər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən də sənaye sahəsində əməkdaşlıq əlaqələri daha da genişləndirilib. Belə ki, Neftçala rayonunda avtomobil zavodunun tikintisi, Pirallahı sənaye parkında birgə müəssisənin yaradılması bu əməkdaşlığın bariz nümunəsidir.
Tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə beynəlxalq sərginin hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir nəzərə çatdırıb ki, Azərbaycanla İran arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələr yüksələn xətlə inkişaf edir.
Qeyd edib ki, sərgidə İranın ən böyük şirkətləri öz məhsul və xidmətlərini nümayiş etdirirlər. Nəticə etibarı ilə belə sərgilərin təşkili sənayenin müxtəlif sahələrinin inkişafına və yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
“İTF Group” şirkətinin rəhbəri Həsən Mürtəci qeyd edib ki, beynəlxalq sərgidə sənayenin bütün sahələrinə (neft-qaz və kimya, energetika, kənd təsərrüfatı, dağ-mədən, tikinti və inşaat materialları, qida, polad istehsalı, yem istehsalı, kübrə istehsalı, mebel istehsalı, plastik qablaşdırma, çap sənayesi, kağız istehsalı və s.) aid məhsul və xidmətlər nümayiş olunur.
Sərgi günlərində yerli və xarici şirkətlərin nümayəndələrinin daha yaxından tanış olmaları və məhsuldar iqtisadi münasibətlər qurmaları üçün biznes-forum da keçiriləcək.