Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını müzakirə edir.
OPEC kartelə üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən və gələn ilin mart ayının sonunda başa çatacaq neft hasilatının azaldılması üzrə sazişin müddətinin 3 ay və daha uzun vaxta uzadılmasını nəzərdən keçirir.
OPEC-ə yaxın mənbələrin məlumatına görə, sazişin müddətinin 2018-ci ilin ikinci yarısının sonunadək uzadılması əsas müzakirə mövzusudur. Sazişin müddətinin 3 aydan daha uzun vaxta uzadılması isə OPEC+ nazirlərinin tərtib etdikləri fövqəladə vəziyyətə dair ssenarilərə uyğun reallaşa bilər.
Həmçinin hasilat kvotasının daha da azaldılması Liviya və Nigeriyanın yenidən istehsala başlaması ilə birgə OPEC-in istehsalının hazırkı səviyyələrində qalması üçün lazım olacaq.
Digər bir mənbəyə görə isə müzakirə edilən variantlardan biri də sazişin müddətinin 6 ay uzadılmasıdır.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.