Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” yaxın vaxtlarda Avropanın bir sıra şəhərlərinə də uçuşlar təşkil edəcək. Bununla bağlı artıq danışıqlar aparılır.
Bunu sentyabrın 12-də Kiyevdə Bakı-Kiyev aviareysinin həyata keçirilməsi ilə bağlı təşkil olunan mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə deyib.
Onun sözlərinə görə, şirkət maksimum dərəcədə çalışır ki, ölkəmiz üçün prioritet olan turizmin inkişafı məqsədilə xarici dövlətlərə uçuşları artırsın.
Ukraynaya hazırda çərşənbə axşamı və çərşənbə günü reyslərin həyata keçirildiyini deyən Manizadə yaxın aylardan başlayaraq Kiyevə cümə günü də uçuşun reallaşdırılacağını vurğulayıb. Sonrakı proseslərdə reyslərin artırılması sərnişinlərin marağından asılı olacaq.
C.Manizadə bildirib ki, gələcəkdə şirkətin Ukraynanın digər şəhərlərinə də uçuşunun həyata keçirilməsi istisna deyil.
Xatırladaq ki, ilk mərhələdə aviaşirkət Kiyevdən başqa, Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirir. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.
Loukost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir.
Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edir. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkündür. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edir.
Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunur. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkündür. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür.
Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.