“Reuters”: SOCAR “AÇG”dəki payının artmasını istəyir

15049424206358552396_1000x669

“SOCAR” BP ilə imzalayacağı yeni müqavilədə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsindəki iştirak payını artırmaq istəyir.

Agentliyin iki mənbədən aldığı məlumata görə, SOCAR-ın BP ilə imzalayacağı yeni müqavilədə “AÇG” layihəsindəki payının artırılması gözlənilir.

Mənbə bildirib: “İlk məlumatlara görə, SOCAR digər şirkətlərin paylarının azalması bahasına payını artıracaq”. SOCAR-ın yeni müqavilə üzrə payının 11,6 faizdən 20 faizə çatdıracağı, BP-nin payının isə 35,8 faizdən 30 faizə düşəcəyi bildirilir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək AÇG layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib.

Xatırladaq ki, ötən il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar. Bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək.

AÇG-də iştirak payları belədir: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

 

2017-09-09 / 11:53
Facebook