SOCAR istiqrazları ilə əməliyyatlar 10 milyon dolları keçib.
İstiqrazların təkrar bazarı üzrə marketmeyker olan “PSG Kapital” şirkətindən bildirilib ki, avqust ayında qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə əməliyyatların həcmi 10 milyon dolları keçib. Ötən ay təkrar bazarda 10 618 SOCAR istiqrazı satılıb, istiqrazların ümumi dəyəri 10,62 milyon dollar olub. Bununla da SOCAR istiqrazları ilə əməliyyatların ümumi həcmi 107 milyon dollara çatıb.
Avqust ayında istiqrazlar 7 dollar bahalaşaraq 1007 dollara yüksəlib.
Xatırladaq ki, SOCAR istiqrazları 2016-cı ilin sentyabrında 100 milyon dollar həcmdə 5 illik müddətə buraxılıb. Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İlk faizlər yanvarın 17-si, aprelin 17-si və iyulun 17-si tarixlərində ödənilib və istiqraz sahibləri ümumilikdə 3,75 milyon dollar qazanc əldə ediblər.
SOCAR istiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür. Məhz bu səbəbdən həm fiziki, həm də hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. SOCAR istiqrazlarının alıcıları arasında xarici ölkələrin - Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın vətəndaşları da var.
İstiqrazlar üzrə növbəti faiz ödənişi oktyabrın 17-də baş tutacaq, həmin tarixdə istiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar ödəniləcək.