Ələt-Astara yolu qısaldılır

 

Yenikənddən Astarayadək inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb.

Azəravtoyol ASC-dən verilən məlumata görə, yolun ümumi uzunluğu 173.6 km təşkil edir. Yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.

Sözügedən avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bu 25 km-lik Yenikənd-Salyan (Kür körpüsü 1.6 km), 24.8 km-lik Salyan-Şorsulu, 30.1 km-lik Şorsulu-Cəlilabad, 32.2 km-lik Cəlilabad-Masallı və 61.4 km-lik Masallı-Astara hissələridir.

Ümumilikdə magistral yolun 55 km-lik ərazisini əhatə edən hər iki hissə üzrə tikinti işləri gələn il ərzində yekunlaşdırılacaq. Yolun tikintisi davam edən 55 km-lik və ötən il açılışı keçirilmiş 23.4 km-lik hissələri istisna olmaqla daha 93.6 km-lik əsas hissəsi yaxın müddətdə sürücülərin istifadəsinə veriləcək.

Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38.4 km qısalaraq 204.6 km olacaq. Böyük əhəmiyyətə malik yolun tikintisi turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

2017-08-29 / 11:18
Facebook