Bakı Telefon Rabitəsi MMC “Təhlükəsiz internet” xidmətini istifadəyə verib

15035740206243228894_1000x669

“Baktelecom” bu gündən etibarən “Bakinternet” istifadəçiləri üçün “Təhlükəsiz İnternet” xidmətinin tətbiqinə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, bu filtrasiya xidməti vasitəsilə bütün yaş kateqoriyasına aid istifadəçilər hər növ təhlükəli məzmunlardan qoruna biləcəklər. Beləliklə, internetdən istifadə edən hər kəs bank hesablarını ələ keçirən onlayn qumar oyunları, spirtli içki, tütün və narkotik maddələri təbliğ edən saytlara girişi bloklamaqla, öz şəxsi məlumatlarını kibercinayətkar şəbəkələr və digər fişinqlərdən qorumaq imkanı əldə edəcək. Həmçinin səmərəliliyin artırılması məqsədilə təhlükəsiz internet xidmətini iş yerlərində də tətbiq etmək mümkündür.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlərin azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya, ekstremizm və sair təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarəti güclənəcək.

Təhlükəsiz internet xidmətindən istifadə çox sadədir. Belə ki, istifadəçi “www.baktelecom.az” saytının “Şəxsi kabinet” bölməsinə daxil olaraq “Təhlükəsiz internet” xidmətinə qoşula bilər. Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar.

İstifadəçilər bu xidmətə qoşulmaq üçün aidiyyəti telekommunikasiya qovşaqları və “Şəbəkə” xidmət mərkəzlərinə də müraciət edə bilərlər. Ətraflı məlumat üçün 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

2017-08-24 / 16:35
Facebook