Bu ilin yanvar-iyun aylarında Səngəçal terminalı üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon barreldən çox neft və kondensat, o cümlədən 124 milyon barreldən çox Bakı-Tbilisi-Ceyhanla (BTC), təxminən 15,5 milyon barreldən çox Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 1,5 milyon barrel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
“BP-Azerbaijan” şirkətindən bildirilib ki, birinci yarım ildə terminaldan həmçinin gündəlik orta hesabla 28 milyon standart kubmetr (987 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac olunub.
Hesabat dövründə AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.