Cocuq Mərcanlı 24 ildən sonra öz sakinlərini yenidən qoynuna alır

w_16149926680373055646_1000x669

İyirmi dörd ildir ki, köçkünlük həyatı yaşayan Cocuq Mərcanlı sakinlərinin Prezident İlham Əliyevin Sərəncamı ilə kənddə salınmış yeni qəsəbəyə köçürülməsinə başlanılıb.

Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülür. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Hər bir ev üçün 8 sot həyətyanı sahə ayrılıb.

Ömrünün yarısını Cocuq Mərcanlıda, yarısını isə məcburi köçkün kimi Biləcəridə keçirən Yaqut Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “24 ildir doğma kənddən ayrı düşmüşük. Bu illərdə çox çətinliklər gördük. Ən böyük çətinlik isə yurd həsrəti ilə yaşamaq idi. Şükürlər olsun Allaha, bu həsrətə son qoyuldu. Kəndimin havasını udub, suyunu içdim. Bizə bu sevinci yaşatdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Digər məcburi köçkünlərin də tezliklə öz ata-baba yurdlarına qayıtmasını arzulayıram”.

Kəndin digər sakini Billurə Məmmədova isə ürək sözlərini belə ifadə edib: “Çox sevinirəm ki, öz doğma torpağımıza, öz evimizə qayıtmışıq. Bizim üçün gözəl şərait yaradılıb. Bundan sonra kəndimizdə yaşayacağıq. Əkib-becərəcək, toyuq-cücə, mal-qara saxlayacağıq”.

Xırdalan şəhərində köçkünlük həyatı yaşamış Abdulla Ataşov qəlbinin hər an doğma kəndi ilə döyündüyünü deyib: “Bura doğulduğum torpaqdır. Burada böyüyüb boya-başa çatmışam. Doğma yurdun həsrətini çox çəkirdim. Tez-tez bu yerlərə gəlir, kənardan kəndimizə baxırdım. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ailəmlə birlikdə doğma yurdda, öz evimizdəyəm. Həm də ona görə sevinirəm ki, övladlarım ata yurdumuzda böyüyəcək”.

Bu gün Cocuq Mərcanlıya hələlik 6 ailə köçüb. Ümumilikdə isə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.

2017-07-06 / 10:04
Facebook