DİM: İyulun 6-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq

14992587025043656479_1000x669

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də növbəti imtahanlar keçirib.

DİM-dən bildirilib ki, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində təşkil olunub və ümumilikdə 26709 nəfər iştirak edib.

İmtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX və XI sinif şagirdləri iştirak ediblər.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

İyulun 6-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

2017-07-05 / 17:45
Facebook