Cocuq Mərcanlı sakinləri doğma yurda qayıdır

w_1614992491953998233472_1000x669

Cocuq Mərcanlıda salınmış yeni qəsəbəyə ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tikilən yeni qəsəbəyə ilk mərhələdə 4 ailə köçürülüb.

Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvlərinin və Cəbrayıl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə iyulun 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyətində və ətraf kənddə məskunlaşmış 4 məcburi köçkün ailəsi yola salınıb.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev jurnalistlərə müsahibəsində qeyd etdi ki, Cocuq Mərcanlı hələ 1994-cü ildə uğurlu Horadiz əməliyyatı ilə işğaldan azad olunmuşdu. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı.

“Bu gündən Cocuq Mərcanlıya qayıdışa start verilir. İlk növbədə, 4 ailə köçürülür. Ümumilikdə isə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək. Sakinlər orada öz təsərrüfatlarını yaradacaq, kənd işləri ilə məşğul olacaqlar. Yeni salınan qəsəbədə bunun üçün hər cür şərait yaradılıb. Bildiyiniz kimi, Cocuq Mərcanlıda tikilən evlər qəsəbədə yaşayacaq məcburi köçkünlər arasında püşkatma yolu ilə paylanılıb və köçürülmə işləri bu həftənin sonunadək başa çatdırılmalıdır”, - deyə Arif Fərzəliyev bildirdi.

Məlumat verildi ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlı kəndində əlavə 100 ev, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikiləcək. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.

Kiçik yaşlarında Cocuq Mərcanlıdan valideynləri ilə birlikdə məcburi köçkün düşən, bu gün isə doğma kəndə qayıdan Şahin Hüseynov sevinc hisslərini bizimlə bölüşərək dedi: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz ötən ilin aprelində torpaqlarımızın bir hissəsini düşməndən azad etdi və bizim doğma ata-baba torpaqlarımıza qayıtmaq imkanımız yarandı. Mən Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə, orada yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirmək istəyirəm. Biz 1993-cü ildən Biləcəri qəsəbəsində məskunlaşmışıq. Ailəmiz 5 nəfərdir. Cocuq Mərcanlıda artıq bizim 3 otaqlı evimiz var. Kəndimizdə əkin-biçinlə, heyvandarlıqla məşğul olub, öz təsərrüfatımı yaratmaq istəyirəm. Gün o gün olsun ki, işğal altındakı digər ərazilərimiz də azad olunsun, məcburi köçkünlərin hamısı öz torpaqlarına qayıtsın.”

Yükləri maşına yığmaqda valideynlərinə kömək edən Nurlan və Hüseyn qardaşlarının sevinci də üzlərindən oxunurdu. Böyük qardaş Nurlan bildirdi ki, doğma kəndlərinə həvəslə gedir: “Bilirəm ki, kəndimizə başqa uşaqlar da köçəcək, yeni dostlarım olacaq. Onlarla birgə məktəbə gedəcəyəm, futbol oynayacağam. Böyüyəndə isə əsgər olub, torpaqlarımızı qorumaq istəyirəm”. Nurlan bəlkə də bütün məcburi köçkün uşaqların arzusunu dilə gətirdi. Onun valideynləri düşmənin işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşüb, özü isə Bakıda anadan olub, indiyədək doğma kəndini görməyib.

Yük maşının gənc sürücüsü Anar Salmanov məcburi köçkündür. O da Hüseynovlar ailəsinin sevincinə şərik çıxaraq, doğma yurdu Laçına qayıdacağı günün həsrəti ilə yaşayır: “Qarabağa qayıdışın başlanğıcı olan ilk məcburi köçkün karvanının sürücüsü olmağım bəlkə də bir təsadüfdür. Bu qayıdışda iştirak etdiyim üçün özümü xoşbəxt sayıram. Bu ailələrin sevinci hamımızın sevincidir. İnanıram ki, tezliklə biz də doğma Laçınımıza qayıdacağıq”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış yük avtomobilləri artıq yola çıxmağa hazır idi. Hüseynovlar ailəsi qonum-qonşu ilə sağollaşdıqdan sonra avtomobillərə əyləşərək, Cocuq Mərcanlıya doğru yola çıxdılar.

2017-07-05 / 16:01
Facebook