Regionun ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt artıq perspektivli turizm şəhəri adına da iddialıdır. Şəhərin mavi Xəzərin sahilində yerləşməsi, yeni dənizkənarı bulvarın salınması, infrastrukturun tam yenilənməsi bu hədəfin tezliklə reallaşacağından xəbər verir.
Vaxtilə baxımsızlıq ucbatından yararsız halda olan Sumqayıt Bulvarı bu gün gözəlliyi, sərin və təmiz havası, əyləncə mərkəzləri, yaşıllığı ilə isti yay günlərində sakinlərin ən sevimli istirahət məkanına çevrilib. Sahəsi 106 hektar, uzunluğu isə 4,2 kilometr olan yeni bulvar qısa zamanda həm yerli sakinlərin, həm də şəhərin çoxsaylı qonaqlarının qəlbini, sözün əsil mənasında, fəth edib.
Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının iyulun 3-də İspaniyanın paytaxtı Madriddə “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülməsi də xüsusi qeyd olunmalıdır.
Sumqayıt bulvarı ərazisinin böyüklüyü ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması ilə də fərqlənir və buna görə onu dünyanın bir çox məşhur turizm şəhərlərinə bənzədirlər.
Burada sakinlərin istirahətini daha maraqlı etmək məqsədi ilə fayton gəzintiləri təşkil olunur. Kiçikölçülü avtobuslar, elektromobillər və velosipedlərdə sahilboyu xüsusi hərəkət zolağı ilə gəzintiyə çıxmaq, Xəzərin sehrinə dalmaq, şəhərin sayrışan işıqlarını seyr etmək insanın ruhunu dincəldir... Bu günlərdə Xəzərin Sumqayıt akvatoriyasında katerlərlə gəzinti də təşkil ediləcək.
Bulvardakı əyləncələr bununla bitmir. Kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, uşaqlar üçün əyləncə mərkəzləri və ən əsası, qaranlıq düşər-düşməz sayrışan rəngbərəng işıqlar bu istirahət məkanını şəhər sakinləri və qonaqlar üçün daha cəlbedici məkana çevirir.