Bakıda Böyük Britaniyanın hərbi orkestrinin nümunəvi çıxışı olub

14972579123785110381_1000x669

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, iyunun 12-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Kral Ordusunun “Salamanka” və Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin birgə nümunəvi çıxışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, orkestrlərin çıxışlarını Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Kerol Meri Krofts, hərbi attaşe, polkovnik-leytenant Deyvid Ethelli, TTM-in, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti izləyib.

Hərbi orkestrlərin ifasında Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar, həmçinin müxtəlif ölkələrin hərbi marşları səsləndirilib. Musiqi ifası zamanı hərbi orkestrlər hərəkətdə yerdəyişmənin fənd və üsullarını da məharətlə nümayiş etdiriblər.

Ölkəmizə səfəri çərçivəsində Birləşmiş Krallığın hərbi orkestrinin Müslüm Maqomayev adına Dövlət Filarmoniyası və Fəvvarələr Meydanında açıq səma altında da konsert və birgə nümunəvi çıxışları təşkil olunacaq.

2017-06-12 / 15:17
Facebook