Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycanın tolerantlıq mühiti, xüsusilə Ramazan ənənələri barədə sənədli film çəkmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistanın “A-plus” telekanalının prodüseri Madiha Macid ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə M.Qurbanlı Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrinə sahib olduğunu bildirib.
Komitə sədri ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini qeyd edib.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Madiha Macid burada qarşılaşdıqları qonaqpərvərliyə və səmimi münasibətə heyran qaldıqlarını vurğulayıb. Sənədli film barədə məlumat verən qonaq filmdə Azərbaycanda tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması, multikulturalist ənənələrə söykənən ictimai münasibətlər, xüsusilə Ramazan ayının yüksək səviyyədə keçirilməsi barədə məlumatların əksini tapacağını diqqətə çatdırıb.
Pakistanlı qonaq çəkilişləri Bakıda və bölgələrdə baş tutacaq sənədli filmdə dünyada ilk dəfə olaraq məzhəbindən asılı olmayaraq bütün müsəlmanların bir araya gələrək, eyni vaxtda bir sırada namaz qılıb, dualar etdiyi vəhdət namazı ilə bağlı informasiyanın da yer alacağını deyib.
Sonda qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar təqdim olunub.