Yağış səbəbindən bağlanan Bakı-Şamaxı yolunda avtomobillərin hərəkəti bərpa olunub


14963935561186127502_1000x669

Yağış səbəbindən bağlanan Bakı-Şamaxı yolunda avtomobillərin hərəkəti bərpa olunub.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, ötən gün axşam saatlarında yağan güclü yağış nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 80-ci kilometrlik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsinə dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirərək yolun müvəqqəti bağlanmasına səbəb olub. Əraziyə dərhal “Azəravtoyol” ASC-nin canlı qüvvəsi və ağır texnikası cəlb olunub. Aparılan işlər nəticəsində qısa müddət ərzində palçıq qatı yoldan təmizlənərək avtomobillərin hərəkəti bərpa olunub. Bundan başqa Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.

Təbii fəlakət zamanı sözügedən ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib. Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 santimetr dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub. Ərazidə Ceyrankeçməz çayı üzərində yerləşən avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyyən hissəsi sel sularından ziyan görüb.

Hazırda ərazidə ASC-nin əməkdaşları tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur.

2017-06-02 / 14:01
Facebook