Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Konfrans Ə.Cavad adına Mədəniyyət Mərkəzində davam etdirilib. Konfransda YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Milli Məclisin deputatları Sahibə Qafarova, Sona Əliyeva və Naqif Həmzəyev iştirak ediblər.
Konfransda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev hesabat məruzəsi ilə çıxış edib. YAP-ın zəngin tarixi haqqında danışan məruzəçi bildirib ki, partiya Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımızın mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir. Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişaf etdirilməsində, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb.
Fəxrəddin Vəliyev qeyd edib ki, YAP Şəmkir rayon təşkilatı 1993-cü il iyulun 18-də təsis konfransını keçirib. Ötən müddətdə YAP Şəmkir rayon təşkilatı böyük inkişaf yolu keçib. Hazırda rayon təşkilatı ətrafında 112 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün YAP Şəmkir rayon təşkilatının üzvlərinin sayı 11754 nəfərdir.
Sonra rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri İdris Əbdürrəhmanovun məruzəsi dinlənilib.
YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, partiyanın gördüyü işlərdən, keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakından söz açıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeyd edib ki, yaradıcısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq, böyük siyasi qüvvəyə çevrilib.
Milli Məclisin deputatı Sahibə Qafarova çıxışında Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilərək, regionun ən iri və ən güclü siyasi partiyalarından biri olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb.
Digər çıxışlarla davam edən konfransda təşkilati məsələlər müzakirə olunub. Fəxrəddin Vəliyev yenidən YAP Şəmkir rayon təşkilatının sədri, 63 nəfərdən ibarət Şura və 15 nəfərdən ibarət İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupunun üzvləri seçilib.