Azərbaycanın ilk sakinləri

 

ilk sakinlər

Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.

Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində qədim insanın meydana gəlməsi, formalaşması və inkişaf etməsi tarixini tədqiq etmək üçün zəngin elmi materiallar və maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapılmış elmi materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətləri öyrənilir və tədqiq olunur.

Son illərdə Azərbaycan alimlərinin Avropa alimləri ilə birlikdə apardığı elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2 milyon il bundan əvvəl yaşamağa başlamaları sübuta yetirilmişdir. Eyni zamanda Azərbaycan ərazisində sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olması müəyyən olunmuşdur.

Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Tədqiqatlar göstərir ki, ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.

Respublikamızın ərazisində paleolit dövrünə aid aparılan tədqiqat işləri nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin arxeoloji düşərgələr Qarabağ ərazisində müəyyən olunmuşdur. 1960-cı ildə Qarabağın Quruçay və Köndələnçay vadilərində arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələrini qeydə almışdır.

Azərbaycanın Araz, Quruçay, Arpaçay, Tərtərçay, Viləşçay, Zuvandçay və digər vadilərində aşkar olunuş Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin maddi mədəniyyət nümunələri haqqında zəngin arxeoloji materialllar tapılmışdır.

Respublikamızın ərazisində tapılan qədim insan düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və Qarabağın qədim tarixindən xəbər verir. Eyni zamanda dünyanın ən qədim insan məskənlərinin və ilk sakinlərin bu ərazi və düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən qədim tariximiz maddi mənbələr əsasında şərh edir.

Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında 1960 - 1986-cı illərin iyun-iyul aylarında Azıx paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparmışdır. Aparılan arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində 10 arxeoloji təbəqə qeydə alınıb tədqiq olunmuşdur.

Facebook