Heydər Əliyev Mərkəzi

merkezDünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası  müasir Bakının rəmzlərindən biri hesab olunur.

Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur  müəllifi kimi tanınır. 

Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.

mərkəz

Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.

Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.

Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur.

merkezÜmumi ərazi 15,93 ha, Tikinti sahəsi 101.801m 2, Park(landşaft ərazi) 13.58 ha, Binanın hündürlüyü 74.1 metrdir. Kompleksə əsas bina, yeraltı parkinq və park ərazisi daxildir. Ərazidə 2 dekorativ hovuz və süni göl var.

Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.

Əsas bina 3 bölmədən ibarətdir:

1. Heydər Əliyev Muzeyi bölməsi

2. Sərgi zalları bölməsi. 9 mərtəbəli olan bu bölmədə sərgi salonları, inzibati ofis,  restoran və kafe yerləşir.

3. Audiorium bölməsi. 4 mərtəbədən ibarət olan bu bölmədə Auditorium, 2 konfrans zalı (çoxməqsədli zal), görüş və toplantı otaqları, Media mərkəzi yerləşir.