Bakı Ağ Şəhər layihəsi

Dünyanın qədim neft sənayesi mərkəzi olan Bakı qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə etmişdir.

Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt, getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.

İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, Qara Şəhər XIX əsrin sonunda, Bakının şərq hissəsində yaranmışdır. Sonradan o, “qara qızılın” emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamışdır.

Hazırda, Bakı buxtasının lap mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi üçün indiyə kimi görünməmiş perspektiv yaranmışdır. Paytaxtın mərkəzinin şərq hissəsində, dinamik inkişafda olan şəhər infrastrukturu ilə əhatə olunmuş 221 ha ərazinin yeni təyinatlı şəhər kimi canlanması və investisiyalar üçün ən cəlbedici imkanlardan birinə çevrilməsi şansı yaranmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2007-ci il 11 iyun tarixli sərəncamı ilə, ərazisindən hazırda ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən Nobel prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilmişdir.

Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti “ATKİNS“ (Böyük Britaniya) çıxış etmişdir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, Amerika Birləşmiş Ştatlarının tanınmış “F+A Architects” arxitektura bürosu cəlb edilmişdir.

Layihənin konsepsiyasının formalaşdırılmasında memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası mühüm istiqamətlər kimi əsas götürülmüşdür. Nəticədə, çox maraqlı memarlıq nümunələri və investisiya perspektivləri ilə yanaşı, torpağın dirçəlişi və inşaatın stimullaşdırılmasını, bu yerdə yaşamaq və işləmək arzusu oyadan cəlbedici mühitin və infrastrukturun yaradılmasını nəzərdə tutan layihə ortaya qoyulmuşdur.

İdeyanın möhtəşəmliyi və görülmüş işlərin profesionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çixarir.

Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcəkdir.