Elektron-hökumət

Layihə haqqında

“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

Layihənin məqsədi 

• Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi
• Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi
• İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi

Layihənin həyata keçirilməsinin əsas istiqamətləri 

• E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması
• Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi
• E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması
• “Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi
• Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi
• E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması
• Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması

E-hökumət infrastrukturunun əsas komponentləri

• Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
• E-hökumət portalı
• E-hökumət şlüzü
• İnformasiya resursları və sistemlərinin dövlət reyestri
• E-imza üzrə milli infrastruktur
• E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)
• E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır)

Layihənin əsas üstünlükləri 

1. Hökumət üçün 
• Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması
• Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması
• Dövlət orqanlarının vahid informasiya bazasının formalaşması və təhlükəsizliyinin təmin olunması
• Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması

2. Vətəndaşlar üçün
• Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi
• Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi
• İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq
• Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi

3. Biznes sektoru üçün 
• Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması
• İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması

Layihənin icrasından əldə olunacaq nəticələr:

E-xidmətlərin göstərilməsi
Vətəndaşlar üçün e-xidmətlər:
• Gəlir vergisi
• İş axtarışı (müəssisələrdə vakansiyalar)
• Sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi)
• Vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah)
• Avtomobillərin qeydiyyatı
• “On-layn” ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında)
• Yaşayış yerində qeydiyyat
• Səhiyyə xidmətləri ( e-məsləhət) və s.

Biznes sektoru üçün e-xidmətlər:

• Sosial fondlara ödəmə
• E-bəyannamə, e-vergi hesab-fakturası
• Yeni şirkətlərin qeydiyyatı
• Gömrük bəyannamələri
• E-lisenziya
• E-satınalma, e-kotirovka
• E-hərrac
• Arayışların verilməsi və s.

Layihə üzrə çap edilən aylıq bülletenlər

2013-cü ilin yanvar ayından etibarən layihə üzrə aylıq bülletenlər hazırlanır. Bülleten ölkədə elektron hökumətin formalaşması istiqamətində görülən və nəzərdə tutulan işləri, elektron hökumət  layihələri  haqqında  məlumatları, o cümlədən elektron xidmətlərin sayını, onlardan istifadə və s. müqayisəli  statistikasını təqdim edir.