Azərbaycan mədəniyyəti haqqında ümumi məlumat

mədəniyyət

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarında Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini nümayiş olunur.

mədəniyyətAzərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldilib həyat və məişətdə istifadə edirlibmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir.

Təsviri sənətin ən qədim nümunələri arasında Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.

Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.

mədəniyyət

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur.

Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə   yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi  yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.

Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.

Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətbiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.