Azərbaycanda tolerantlıq

Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub.

Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586-cı il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar.

Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir.

Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır.

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq müstəvidə yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi- Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci ildə respublikaya etdiyi tarixi səfəridir. Bakıda olarkən o, Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir.

Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Olkə rəhbəri müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Beləliklə, tarixən Azərbaycanda formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyələndirən gözəl bir ənənəyə çevrilmişdir. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü yüksək səviyyədə göstərir.

Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.

Təsadüfi deyildir ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan mədəniyyətlərarası dialoq ücün bir mərkəzə çevrilmişdir. Prezident İlham Əliyev Avropa və qonşu regionların mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfrasındakı nitqində müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünü irəli sürmüşdür. Bundan sonra Azərbaycan paytaxtının bu yöndə ev sahibliyi etdiyi daha bir mötəbər beynəlxalq məclisdə - 2009-cu il oktyabrın 13-dən 15-dək davam etmiş İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı Prosesi -sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilmişdi.

2010-cu ildə Bakıda keçirilən Dünya Dinləri Liderlərinin Zirvə Görüşündə Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlərin mövcud olması dünyanın müxtəlif regionlarından tədbirə qatılmış nüfuzlu din xadimləri tərəfindən də təsdiq edilmişdir.

2011 –ci ilin aprelin 7-9-da Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərdi ki, Azərbaycan belə forumlar təşkil etməklə xalqları bir-birinə yaxınlaşdırmağa və sülhün qorunub saxlanmasına səy göstərir. Forumda mədəniyyətlərarası dialoqa önəmli töhfə verəcək müzakirələr aparılmış, qərarlar qəbul edilmişdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə  2012-ci dekabrında Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu  keçirmişdir. Forumun yekunu olaraq “Bakı Platforması” qəbul olunmuşdur. Sənəddə dini tolerantlığın əhəmiyyəti və ekstremizmin zərərli olması vurğulanıb, o cümlədən dünyada tolerantlığın müdafiəsi istiqamətində dövlət nümayəndələri, din xadimləri və alimlərdən ibarət əməkdaşlıq şəbəkəsinin yaradılması məsələsi, həmçinin Azərbaycanın təklifi ilə Bakı Platformasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti də ümumbəşəri təhdid kimi əksini tapmışdır. Sənəddə BMT-yə dinlərin rəmzlərinin təhqir olunmasına qarşı sanksiyanın tətbiq olunması istiqamətində zəruri addımların atılması da təklif olunub.

Beləliklə, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.