Gələcək

gələcəkAzərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması nəzərdə tutulmuşdur.

Belə bir konsepsiyanın hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır.

XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış qloballaşma prosesləri ölkələrin sosial - iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir. Bu proseslərdən Azərbaycan da istisna deyildir.

“2008- 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə həvalə olunub. Hal - hazırda bu layihənin reallaşması istiqamətində işlər görülür.

Həmçinin İqtisadi İnkişaf Nazirliyi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramını həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin Sərancamına əsasən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” layihəsi Gənclər və İdman Nazirliyi tərəfindən yerinə yetirilir. Bu proqram çərçivısində gənclərin təklifləri nəzərə alınır.

Gənclərin ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı yerinə yetirilir. Bu Proqram sayəsində bir sıra istedadlı və bacarıqlı gənclər dünyanın ən qabaqcıl universitetlərinə təhsil almaq üçün göndərilir.

Təhsil ilə əlaqəli digər bir layihə isə 2012 -ci illdən başlayaraq Dünya Bankı tərəfindən irəli sürülən Azərbaycanın Ali təhsil sisteminin inkişafını nəzərdə tutan yeni 5 illik plandır. “Azərbaycan Ali təhsil sistemində islahatlar layihəsi”nin üç əsas komponenti var. Həmin komponentlər Ali təhsilin keyfiyyətinin təminatı, ali təhsil sistemində maliyyələşdirmə, ali təhsildə tənzimlənmə və idarəetmədir.

Həmçinin 2009 - 2014 - ci illər ərzində, Dövlət İnvestisyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi yerinə yetirilməkdədir. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.

Ölkə iqtisadiyyatı irəlilədikcə turizm sahəsində də inkişaf nəzərə çarpır. Belə ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş tenderdə qalib gələn «Caspian Group Consalting» şirkətinin mütəxəssisləri tərəfindən ABŞ Ticarət və İnkişaf Agentliyindən ayrılan qranta əsasən hazırlanan turizmin uzunmüddətli inkişafına dair master planın və Türkiyədən dəvət olunmuş mütəxəssislərin rəy, təklifləri əsasında Nazirliyin əməkdaşları tərəfindən turizm sahəsi üzrə kadr hazırlığının yaxşılaşdırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi nəzərdə tutulmuş, həmçinin turizmin inkişafının yeni mərhələsinə təkan verəcək “Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı” hazırlanmışdır.

Özəl sektorunun inkişafına xüsusi diqqət verildiyinə görə, Azərbaycanda infrastrukturun inkişafı artıb və yeni iş yerlərinin açılması sayəsində gənc və savadlı kadrlara ehtiyac artmaqda davam edir.

gələcək2009 - cu il aprelin 30-da “ Bakı Ağ şəhər” layihəsi təklif olundu. 2010 ilin mayında Arxitektura və Şəhərsalma komitəsi tərəfindən layihə qəbul olundu və hal- hazırda nəzərdə tutulan işlər yerinə yetirilir. 2011 - ci il 24 dekabr Prezident İlham Əliyev “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimində iştrak etmişdir. “Bakı Ağ şəhər” layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Fərmanı ilə təsdiq olunmuşdur. Layihənin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq ATKİNS layihələndirmə şirkətidir. Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak etmişlər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır.

Azərbaycan ərazisində yaxın gələcəkdə reallaşmaqda olan layihələrdən biri də “Zirə Sıfır İxrac Adası”dır. Zirə Sıfır İxrac Adası Xəzər dənizində yerləşən, 1.000.000 m2 sahəni əhatə edən baş planlı, xarici elektrik enerjisi istifadə etməyən, yaşayış kvartalları, mədəniyyət mərkəzləri və asudə vaxt keçirmək üçün obyektləri olan kurort və yaşayış məkanı olacaqdır. Zirə Adası Baş Planı 2009-cu il 20 fevralda açılan Danimarka Memarlıq Mərkəzinin "Yes is More" adlı ictimai sərgisinin bir hissəsi olmuşdur. Bu layihəni üç Danimarka şirkəti - “Koşar Demir”, “Bjarke İngels Group”, “Ramboll” həyata keçirəcək. Sifarişçi Azərbaycanın “Avrositi” Holding şirkətidir.

Gələcəyə istiqamətlənmiş digər bir irimiqyaslı layihə “Xəzər Adaları”- dır. Layihənin dəyəri 100 milyard dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcədə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower tikiləcək (plana görə dünyanın ən hündür binası olacaq). Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir. Tikinti işlərinə 2011 ilin mart ayında başlanılıb.

olimpiaSosial həyatın digər bir hissəsi olan idmanda da Azərbaycan Respublikası nailiyyətlər əldə etməkdədir. Bunun sübutu kimi Azərbaycan 2015-ci ildə ilk dəfə olaraq keçiriləcək Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsini göstərmək olar. 2012-ci il dekabrın 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci iclasında bu barədə qərar qəbul olunub. Yarışlarda 15 idman növü üzrə qaliblər müəyyənləşəcək ki, bunun 12-si olimpiya idman növüdür.

2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"-in orbitə buraxılması nəticəsində rəqəmsal teleradioyayım xidmətləri, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, "VSATmultiservis" şəbəkələrinin yaradılması sahəsində, eləcə də dövlətlərarası əlaqələrin təmin edilməsində geniş imkanlar əldə edəcəkdir. Gələcəkdə daha bir necə telekommunikasiya peykinin orbitə buraxılması nəzərdə tutulur.