Azərbaycan Olimpiya hərəkatı

Azərbaycan Olimpiya Hərəkatı tarixini şərti olaraq üç dövrə bölmək olar:

1) Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952-1988); 2) Müstəqil Dövlətlər Birliyi yığma komandası tərkibində iştirak etdiyi dövr (1988-1992); 3) Azərbaycanın müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğu dövr (1992).

Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində 9 Olimpiya Oyunlarında 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. 1992 il Barselona Olimpiyadasında Azərbaycan MDB yığma komandasında cəmi 5 nəfər idmançı ilə təmsil olunsa da, idmançılarımızdan ikisi yüksək nəticələr göstərərək Olimpiya çempionu adına layiq görülüb.

1992 ildə Azərbaycan Milli Olimpiya Komitəsinin  yaradılması və onun Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması ilə ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövr başlanmışdır. İlk dəfə olaraq 1996-cı il Atlanta Olimpiyadasında 23 nəfərdən ibarət milli Olimpiya komandamız müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən N. Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan Respublikasının Milli Olimpiya komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır. 1997-ci ildə  İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. O, komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir.

Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında (2000) Azərbaycan 10 idman növü üzrə 31 idmançı ilə təmsil olunmuş, 2 qızıl,1 bürünc medal qazanmaqla 199 ölkənin iştirak etdiyi Sidney Olimpiyadasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutmuşdu..

Respublikamız Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında (2004) 12 idman növü üzrə 38 idmançı ilə təmsil olunmuşdu. Bu oyunlarda ölkəmiz 3 yeni idman növü – bədii gimnastika, taekvondo, qılıncoynatma ilə yarışlara qatılmışdı. XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bilmişdir.

Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında  (2008) Azərbaycan idmanın 11 növü üzrə 44 idmançı ilə təmsil olunmuşdu. Oyunlarda iştirak edən 205 ölkə içərisində ölkəmiz medalların keyfiyyət düzümünə görə  39-cu, kəmiyyət düzümünə görə  27-ci , Avropa üzrə keyfiyyətinə görə 19-cu, kəmiyyət düzümünə görə isə 15-ci, MDB təmsilçiləri arasında medalların keyfiyyətinə görə 6-cı, kəmiyyət düzümünə görə isə 5-ci oldu.

XXX Yay Olimpiya Oyunlarında  ( London, 2012) Azərbaycanın idman tarixinin ən böyük uğuru kimi qiymətləndirmək olar. 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan Olimpiya tarixində ilk dəfə olaraq 1 qızıl,2 gümüş, 4 bürünc , bütövlükdə 10 medal qazanmaqla 204 ölkə içərisində medal sayına görə 25-ci, xal hesabına görə 27-ci, qızıl əyarına görə isə medal qazanan 85 ölkə arasında 30-cu yerə yüksəldi.

Hazırda respublikamızın bütün  bölgələrində dünya standartlarına cavab verən olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir. Respublikamızda 34 olimpiya kompleksi fəaliyyət göstərir. Azərbaycanda 42 beynəlxalq idman tədbiri, o cümlədən dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi öz işi ilə beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Təsadüfi deyildir ki, ölkəmizin 2015-ci ildə ilk dəfə təşkil olunacaq Avropa Olimpiya Oyunlarına, 2017 ci ildə keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi idmanın inkişafına verilən beynəlxalq səviyyəli qiymətdir.